"10 İran vətəndaşı Çində narkotik maddə qaçaqmalçılığı etdikləri üçün edama məhkum olunublar və onların edam hökmləri yaxın günlərdə icra olunacaq", -bu barədə Trend İran televiziyasının rəsmi xəbər saytı iribnews-a istinadən məlumat yayıb.
İranın Çindəki səfirliyinin məlumatına əsasən, hazırda Çində 37 İran vətəndaşı narktok maddə qaçaqmalçılığı ilə məşğul olduğuna görə həbs olunub və məhkəmə onlardan 10 nəfərə edam hökmü çıxarıb.
Edama məhkum olunmuşlardan 8 nəfər Pekində iki nəfər isə Quvanco şəhərindəki həbsxanalarda saxlanılır. Həmin 10 nəfərdən ayrı-ayrılıqda 4 kiloqramdan - 8 kiloqrama qədər narkotik maddə müsadirə olunub. Çin qanunlarına əsasən, 40 qramdan artıq narkotik maddə daşıyıcısının cəzası edamdır.
Səfirliyin məlumatında bildirilir ki, bundan başqa 22 İran vətəndaşı isə oğurluq və saxta pasportla Çinə daxıl olduqları üçün həbsdədirlər. Onlara 8 ildən 18 ilədək həbs cəzası verilib. Bir nəfər isə adam öldürdüyü üçün ömürlük azadlıqdan məhrum olunub.