İran Parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədri Əlaəddin Burucerdi ötən gün İranın Loristan əyalətinin Xürrəmabad şəhərində çıxışı zamanı bildirib ki, İran-İraq sərhədində həbs olunmuş üç ABŞ vətəndaşı bu tezliklə azadlığa buraxılmayacaq. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat yayıb.
Ötən ilin yay aylarında İran-İraq sərhədində üç ABŞ vətəndaşı sərhədi qanunsuz keçdiklərinə görə həbs olunublar. Onlar İraqın İranla sərhəd olan Kürdüstan vilayətinin görməli yerlərini gəzməyə çıxdıqları vaxt İran tərəfə keçiblər. İran bu üç amerikalını "casusluqda" ittiham edir.
Burucerdi 2007-ci ildə İraqda 5 İran diplomatının ABŞ qüvvələri tərəfindən həbs olunduğunu bildirib. "Həmin diplomatlar iki il həbsxanada saxlanıldı, elə bunun üçün də amerikalılar bu üç nəfərin azadlığa buraxılması üçün tələsməməlidir", - o deyib.
Burucerdi həmçinin Aşura günü baş verən iğtişaşlar zamanı Avropa ölkələrindən birinin Tehrandakı səfirliyinin nümayəndəsinin də həbs olunduğunu bildirib. "Həmin diplomat həbs olunduqdan 24 saat sonra səfirliyin müdaxiləsi ilə azadlığa buraxıldı", - Burucerdi deyib.
O, bu diplomatın hansı ölkədən olduğunu açıqlamayıb.