Ankara və Tehran Türkiyə-İran sərhədində birgə sənaye zonası yaratmaq məsələsinin müzakirəsinə başlayıb. Məlumatı FARS agentliyi yayıb.
İranın sənaye naziri Əli Əkbər Mehrabiyan cümə günü Ankaraya rəsmi səfəri zamanı türkiyəli həmkarı Nihat Ərgünlə iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı məsələsini müzakirə edib.
Görüşdə Türkiyə ilə İran arasında birgə sənaye zonasının yaradılması üçün xüsusi komitənin təsis edilməsi müzakirə olunub.
Ötən ay ABŞ Prezidenti Barak Obama Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparıb və gündəlikdə duran əsas məsələ İranın nüvə proqramı olub.
Görüşdən sonra Prezident Obama bildirib ki, İranın nüvə silahı yaratmasının qarşısının alınmasında Türkiyə mühüm rol oynayır.