Gürcüstan, Tbilisi, 27 yanvar / Trend , müxbir N.Kirsxaliya/
Əməliyyatlar üzrə Qərargah rəisinin müavini admiral Vasilios Kavadaisin rəhbərliyi ilə NATO-nun Neapoldakı Birləşmiş Dəniz Qüvvələri Komandanlığının nümayəndə heyəti yanvarın 27-də Batumiyə səfər edir.
Gürcüstan sərhəd polisinin Trend -a bildirdiyi kimi, nümayəndə heyəti səfər çərçivəsində Gürcüstan sərhəd polisinin rəhbəri general-mayor Zazo Qoqava və Sahil Mühafizə Xidmətinin direktoru birinci dərəcəli kapitan Besik Şengeliya ilə görüşəcək.
Səfərdə məqsəd sahil mühafizə xidmətinin vəziyyəti və onun imkanları ilə tanışlıqdır.
Səfərdən sonra Gürcüstan DİN və NATO-nun Neapoldakı Birləşmiş Dəniz Qüvvələri Komandanlığı arasında Gürcüstan sərhəd polisinin "Fəal qüvvələr" əməliyyatında iştirakına dair texniki memorandum imzalanacaq.
Həmin sənəd Gürcüstanın NATO-nun "Fəal qüvvələr" əməliyyatına daxil olmasının hüquqi əsası olacaq.
NATO-nun Neapoldakı Birləşmiş Dəniz Qüvvələri Komandanlığının səfəri yanvarın 28-də başa çatacaq.