...

İranı Kuba kimi təcrid etmək mümkün deyil - Trend News-un icmalçısı

Dünya xəbərləri Materials 4 Mart 2010 09:00 (UTC +04:00)
Libermanın arzusuna baxmayaraq, ABŞ-ın 1970-ci illərdə Kubaya tətbiq etdiyi iflicedici sanksiyalar və sərhəd mühasirəsi tədbiri İrana tətbiq oluna bilməz, çünki İranın əlində daha tutarlı vasitələr var.
İranı Kuba kimi təcrid etmək mümkün deyil - Trend News-un icmalçısı

Trend -un Fars redaksiyasının rəhbəri Dalğa Xatınoğlu

Libermanın arzusuna baxmayaraq, ABŞ-ın 1960-ci illərdə Kubaya tətbiq etdiyi iflicedici sanksiyalar və sərhəd mühasirəsi tədbiri İrana tətbiq oluna bilməz, çünki İranın əlində daha tutarlı vasitələr var.

Nüvə proqramı ilə bağlı İranın beynəlxalq ictimaiyyətlə bir addım irəli, iki addım geriyə oynadığı "vals rəqsi" Qərbi əsəbləşdirsə də, İrana qarşı iflicedici sanksiyalar mümkun deyil və heç bir zaman masa üzərindən götürülməyən müharibə variantı 1968-ci ildə Niksonun Vyetnamı nüvə silahı ilə hədələdiyi kimi sırf pafosdur.

İsrailin xarici işlər naziri Aviqdor Liberman bildirib ki, ABŞ istəsə, İrana birbaşa iflicedici sanksiyalar tətbiq etməklə bu ölkənin rejimini devirə bilər. O, 1960-ci ildə eks-prezident Eyzenhauerin Kubaya tətbiq etdiyi embarqonu nümunə göstərərək, Obamanın İrana enerji sahəsində embarqo tətbiq etməsini istəyib.

1960-ci ildə Kuba kommunist dövlətinin qurulmasından bir il sonra Duayt Eyzenhauer (Dwight Eisenhower) Kubaya, qida və dərman istisna olmaqla, bütün idxalata embarqo qoymuşdu. İran 40 faiz daxili məsrəfi üçün benzin idxal edir və digər tərəfdən, İranın ixracatının 80 faizi xam neftdir. Bu sahəyə embarqo qoymaq yalnız ölkəni mühasirə etməklə mümkündür, bu isə müharibənin rəsmi elan olunmasıdır.

2005-ci ildən etibarən ABŞ İrana qarşı sanksiyaları gücləndirdiyindən rəsmi Tehrana olan təzyiqlər danılmazdır, bu müddətdə yalnız 80 xarici bank İranla əlaqələrini kəsib və dünyanın ikinci neft və qaz yataqlarına malik olan ölkənin 2009-cu ildə bilavasitə xarici sərmayələrin cəlbi üzrə payına yalnız 1,5 milyard dollar düşüb. Buna baxmayaraq, Çin, Rusiya, Latın Amerikası və digər ölkələrin İranla geniş iqtisadi əməkdaşlıqlarını və maraqlarını nəzərə alsaq, İranı Kuba kimi təcrid etmək mümkun deyil.

İranın son bir ildə xarici ticari maliyyə dövriyyəsi 120 milyard dollar təşkil edib. Dünyada maliyyə böhranının mövcudluğuna baxmayaraq, İranın 2008-ci ildə 3,7 milyard dollarlıq maliyyə dövriyyəsi olan Rusiya ilə ikitərəfli ticari əlaqələri 2009-cu ildə 13 faiz artıb. 2000-ci ildə Çin ilə 2 milyard dollarlıq ticari əlaqələri olan rəsmi Tehran bu rəqəmi hazırda 28 milyard dollara çatdırıb və Beynəlxalq Valyuta Fondunun 2008-ci ildə yaydığı rəsmi məlumata əsasən, İran və Latın Amerikası ölkələri arasında maliyyə dövriyyəsi 3 dəfə artaraq, 2.9 milyard dollara çatıb. Bu rəqəmin 2 milyard dolları yalnız dünyanın dörd güclü iqtisadi ölkəsi siyahısında olan Braziliyanın payına düşür. Bu ölkənin Prezidenti Luis İqnasio Lula da Silva ötən ilin noyabrında Əhmədinejadla görüşündə İranın sülhyönlü nüvə proqramını dəstəkləyib və İranın nüvə proqramının "yalnız" müzakirə yolu ilə həllinə inandığını bildirib. İran Prezidenti Mahmud Əhmədinejad 150 biznesmen və 70 rəsmi ilə bu ölkəyə səfərində iki ölkənin iqtisadi əməkdaşlıq potensialının geniş olduğunu vurğulayıb.

Hazırda ABŞ və İsrail İrana qarşı sanksiyaların genişləndirilməsi üçün beynəlxalq kampaniyalara başlayıblar. ABŞ dövlət katibinin martın sonunda Fars körfəzi ölkələrinə və hazırda Latın Amerikasına səfərinin əsas hədəfi İrana qarşı beynəlxalq koalisiyanın təşkilidir. Hazırda onun müavini Ceyms Steynberq (James Steinberg) rəsmi Pekini BMT TŞ-nin İrana qarşı növbəti sanksiyalarına səs verməyə cəlb etmək üçün Çinə səfər edib.

Ötən həftə İsrailin Mərkəzi Bankının direktoru Stenli Fişer (Stanley Fisher) ilə Strateji İşlər Nazirliyinin rəhbəri general Moşe Boqi Yalon (Moshe Bogie Ya'alon) da eyni məqsədlə Çinə səfər etmişdilər. Hər halda neft idxalatının 12 faizini (sutkada 480 min barel) İrandan idxal edən rəsmi Pekin İranın nüvə proqramı ilə bağlı müzakirələrin hələlik dalana dirənmədiyini arqument gətirərək, İrana qarşı yeni sanksiyaların tətbiqinə meyilli olmadığını nümayiş etdirib.

İrana qarşı sanksiyaların şiddətləndirilməsi üçün ABŞ-a müsbət "siqnal verənlər" də az deyil. Kanadanın xarici işlər naziri Laurens Kannon (Lawrence Cannon) bildirib ki, ölkəsi 2010-cu ildə dünyanın ən iri iqtisadi ölkələri olan G8-ə rəhbərlik etməsi fürsətindən istifadə edərək, İrana qarşı sanksiyaların şiddətləndirilməsinə çalışacaq.

Buna baxmayaraq, Hindistan kimi ölkə də var ki, sutkada İrandan 350 min barel neft idxal edir və iki ölkənin maliyyə dövriyyəsi 13 milyard təşkil edir.

BMT Təhlükəsizlik Şurasının İranla yaxın münasibətdə olan digər üzvü Rusiyanın Prezidenti Dmitri Medvedev isə "smart sanksiyalar"ın tətbiq olunacağı və bu sanksiyaların "İran xalqına ziyan gətirməyəcəyi" təqdirdə, bu ölkəyə qarşı yeni sanksiyaları nəzərdən keçirməyə söz verib. Lakin xalqa ziyanı olmayan "smart sanksiya" sözü diplomatik təzyiqdən daha çox, estetik və şairanə terminə bənzəyir.

Hər halda İran öz nüvə proqramında israrlıdır və şiddətli sanksiyalara ciddi reaksiya göstərəcəyi də istisna olunmur. Hazırda ABŞ-ın "bataqlığına çevrilmiş" Pakistan və İraqda İranın böyük nüfuzu var və İsrailin qonşuluğunda "Hizbullah" və HƏMAS kimi müttəfiqlərinə güvənir. İqtisadi böhrandan bezmiş dünya bunu da bilir ki, İranın nəzarətində olan Hörmuz boğazından dünyanın 33 faiz neft nəqli keçir.

Xəbər lenti

Xəbər lenti