Tehran reaktoru üçün nüvə yanacağı mübadiləsi məsələsi hələ də açıqdır. Bunu çərşənbə günü mətbuat konfransında İranın XİN rəhbəri Mənuçöhr Möttəki deyib. Məlumatı İRNA agentliyi yayıb.
Möttəki əlavə edib ki, İran bu məsələni Vyanada keçirilən müşavirə iştirakçıları ilə birbaşa və ya vasitəçiliklə müzakirə edib və yanacaq mübadiləsinə dair modeli onlara təqdim edib. Odur ki, İranın mövqeyi onlara məlumdur.
"Mübadilə sxeminin yerinə yetirilməsi üçün Vyana iştirakçıları yaxın vaxtlarda bu məsələni həll etmək istəyində olduqlarını bildirməlidirlər", - o deyib.
Möttəki ABŞ-ı və digər Qərb ölkələrini aprelin 16-17-də Tehranda keçiriləcək nüvə silahsızlaşdırılması üzrə konfransda iştiraka dəvət edib.
"Mən Qərb ölkələrini ikili standartları kənara qoymağa və bu məsələyə qərəzsiz, konstruktiv şəkildə yanaşmağa dəvət edirəm", - o deyib.