İran Parlamentinin spikeri Əli Laricani İranın Ali Lideri ayətullah Əli Xamneinin nüvə silahının istifadəsinin haram olmasına dair fitvasının və İran alimlərinin islami birlik haqqında mövqelərinin dünya ictimaiyyətinə yayımlanmasının zəruriliyindən danışıb. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat yayıb.
"Bir çox insanlar var, ali rəhbərin nüvə silahının istifadəsinin haram olması haqda fitvasını görməyiblər və bir çoxlarının İran alimlərinin islami birlik haqqında mövqeyi haqqında məlumatları yoxdur", - deyə Laricani bu gün İranın Xarici İşlər Nazirliyinin Qum şəhəri üzrə ofisinin rəhbəri ilə görüşündə deyib.
Laricani əlavə edib ki, bu məsələlər sənəd formasında dünya ictimaiyyətinə çatdırılmalıdır.
İranın Ali Rəhbəri ayətullah Xamnei ötən il öz çıxışında bildirib ki, "İran xalqı və rəsmiləri dəfələrlə bəyan edib ki, İran rejimində nüvə silahı yoxdur, islam dinində nüvə silahından istifadə haramdır. Lakin Qərb ölkələri, xüsusilə də ABŞ öz yalançı təbliğatlarında bildirir ki, İran atom bombası yaratmaq istəyir. Onların bu cür davranışı aşkar şəkildə haqqı tapdalamaq deməkdir".
ABŞ və Qərb İranı nüvə silahı yaratmağa çalışmaqda ittiham edir. İran isə uranın zənginləşdirilməsində məqsədin nüvə elektrik stansiyalarını yanacaqla təmin etmək olduğunu bildirib. 2006-cı ildə İranın nüvə proqramı MAQATE Hakimlər Şurasından BMT Təhlükəsizlik Şurasına göndərilib və TŞ İranın nüvə proqramını dayandırmaq üçün indiyədək 5 qətnamə qəbul edib. Qətnamələrin 3-də İrana qarşı iqtisadi sanksiyaların tətbiq olunması nəzərdə tutulub.