MDB ölkələri müdafiə nazirləri Böyük Vətən müharibəsində qələbənin 65 illiyinin bayram edilməsi ilə bağlı tədbirlər planını razılaşdırıblar. Bu barədə RİA-Novosti-yə MDB ölkələri Müdafiə Nazirləri Şurası Katibliyinin mətbuat katibi Mixail Sevastyanov məlumat verib.
Çərşənbə günü Moskvada MDB Müdafiə Nazirləri Şurasının 58-ci iclası keçirilib. İclasda MDB hərbi idarələri arasında qarşılıqlı fəaliyyətin müxtəlif istiqamətləri üzrə 20-dən çox məsələyə baxılıb.
"Qələbənin bayram edilməsinin 65-ci ildönümü ərəfəsində görüş iştirakçıları yubiley tədbirlərinin təşkili, həlak olanların xatirəsinin əbədiləşdirilməsi sahəsində qarşılıqlı fəaliyyət, qalib nəslin sağ qalan nümayəndələrinə qayğı göstərilməsi ilə bağlı kompleks məsələləri müzakirə ediblər", - Sevastyanov bildirib.
Onun sözlərinə görə, iclasın əvvəlində iştirakçılar Böyük Vətən müharibəsi iştirakçılarına və dost ordularda xidmət keçən hərbi qulluqçulara müraciətin mətnini qəbul ediblər.
"Müdafiə idarələrinin rəhbərləri Böyük Vətən müharibəsində MDB iştirakçısı olan dövlətlərin xalqlarının qəhrəmanlığının əbədiləşdirilməsi haqqında saziş layihəsini nəzərdən keçiriblər, 2010-cu ildə MDB-də Böyük Vətən müharibəsi veteranları ilinin (ötən il oktyabrın 9-da MDB Dövlət Başçıları Şurasının qərarı ilə elan olunub) keçirilməsinə dair tədbirləri razılaşdırıblar və 2015-ci ilədək hərbi-memorial işlər sahəsində müdafiə nazirliklərinin birgə perspektiv tədbirlər planını təsdiqləyiblər", - agentliyin müsahibi bildirib.