...

Kəhrizək təcridxanasında baş verən hadisələrlə bağlı həbs edilmiş polislərdən ikisi edama məhkum olunub

Dünya xəbərləri Materials 1 İyul 2010 11:03 (UTC +04:00)
İranda Tehranın 1 saylı Hərbi Məhkəməsi Kəhrizək təcridxanasında baş vermiş hadisələrlə bağlı həbs olunmuş polislərdən ikisi barəsində ölüm hökmü çıxarıb.
Kəhrizək təcridxanasında baş verən hadisələrlə bağlı həbs edilmiş polislərdən ikisi edama məhkum olunub

İranda Tehranın 1 saylı Hərbi Məhkəməsi Kəhrizək təcridxanasında baş vermiş hadisələrlə bağlı həbs olunmuş polislərdən ikisi barəsində ölüm hökmü çıxarıb. Bu barədə Trend İranın İLNA xəbər agentliyinə istinadən məlumat verir.

Onlar Kəhrizək həbsxanasında Əmir Cavadifər, Möhsün Ruhuləmi və Məhəmməd Kamranini döyərək öldürməkdə ittiham olunurlar.

Məhkəmə həmin polis əməkdaşlarının xidmətdən uzaqlaşdırılması, cərimə ödəməsi, şallaqlanması və öldürdükləri şəxslərin qan pulunu ödəmələri barəsində qərar çıxarıb.

Həmin cinayət işi ilə bağlı digər doqquz polis əməkdaşı barəsində məhkəmə cərimə, qan bahası ödəmək, tutduqları vəzifədən azad edilmək və şallaqlanmaq kimi cəzalara məhkum olunmaq barədə hökm çıxarıb.

Təqsirləndirilənlərin birinci instansiya məhkəməsinin hökmlərindən apelyasiya instansiyasına şikayət vermək hüquqları var.

2009-cu ilin sentyabr ayında İran hüquq-mühafizə qüvvələrinin komandanı, general İsmail Əhmədi Müqəddəm Kəhrizək istintaq təcridxanasında baş vermiş hadisələrlə bağlı on nəfərdən çox polis əməkdaşının həbs olunduğunu bildirmişdi.

Həbs olunanlar təcridxanaya həddən artıq məhbusun qəbul edilməsi, həbsxanada olan problemlərin yuxarı instansiyalara çatdırılmaması, məhbusların saxlanması və mühafizəsi ilə bağlı verilmiş göstərişlərin yerinə yetirilməməsi, məhbuslara fiziki təzyiq, işgəncə tətbiq edilməsi və təcridxananın fəaliyyətinə nəzarət zamanı səhlənkarlığa yol verilməsində təqsirkar bilinirlər.

Kəhrizək təcridxanası Tehranın yaxınlığında olan Kərəc şəhəri ərazisində yerləşir. İranın ali lideri Əli Xamneyi iyulun 28-də Kəhrizək təcridxanasının bağlanması barədə qərar verib. Bu təcridxanada prezident seçkilərinə etiraz aksiyalarında iştirak edənlərin bir qismi saxlanılırdı. Xamneyinin qərarı prezidentliyə namizəd Möhsün Rezayinin müavininin oğlu Möhsün Ruhulaminin və bir neçə şəxsin həmin təcridxanada naməlum şəraitdə ölümündən sonra verilib.

Xəbər lenti

Xəbər lenti