...

Türkiyə Ehud Barakın bəyanatı ilə əlaqədar İsrailə etirazını bildirib

Dünya xəbərləri Materials 3 Avqust 2010 15:44 (UTC +04:00)
İsrailin Ankaradakı səfiri Qabi Levi çərşənbə axşamı Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb və ondan izahat tələb olunub.
Türkiyə Ehud Barakın bəyanatı ilə əlaqədar İsrailə etirazını bildirib

İsrailin Ankaradakı səfiri Qabi Levi çərşənbə axşamı Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb və ondan izahat tələb olunub. Buna səbəb İsrailin müdafiə naziri Ehud Barakın Türkiyə milli kəşfiyyatının müşavirinin ünvanına səsləndirdiyi son bəyanat olub. Bu barədə CNN Turk telekanalı məlumat verib.

İsrail naziri Türkiyə milli kəşfiyyatının yeni təyin olunmuş müşaviri Hakan Fidanı İranyönlü baxışlarına görə günahlandırıb və onun məxfi məlumatları Tehrana ötürəcəyi ilə bağlı narahatlığını bildirib.

Barakın sözlərinə görə, müşavir Fidan İran hakimiyyəti ilə gizli əməkdaşlıq edir və gələcəkdə Türkiyə kəşfiyyatının İsraillə bağlı məlumatlarının onlara ötürməsi tamamilə mümkündür.

Xarici siyasət idarəsi buna etiraz əlaməti olaraq İsrail səfirindən izahat tələb edib.

Türkiyə ilə İsrail arasında münasibətlər mayın 31-də İsrail hərbçilərinin Qəzza sektoruna humanitar yardım aparan "Azadlıq donanması"na hücum etməsindən sonra kəskin şəkildə pisləşib. Hücum nəticəsində 9 türk vətəndaşı həlak olub. Gəmilər blokadada olan Qəzza sektoruna doğru istiqamət götürsə də, İsrail Hərbi Dəniz Qüvvələri tərəfindən neytral sularda saxlanılıb.

Türkiyə hökuməti İsraildən rəsmi üzr istəməsini və həlak olanların ailələrinə kompensasiya verilməsini, eləcə də BMT-nin himayəsi altında müstəqil araşdırmaların aparılmasını tələb edir.

Xəbər lenti

Xəbər lenti