...

RF Müdafiə Nazirliyi Qırğızıstan ərazisində təlim mərkəzi yaratmağı planlaşdırır

Dünya xəbərləri Materials 10 Sentyabr 2010 13:03 (UTC +04:00)
Rusiya Müdafiə Nazirliyi ümid edir ki, Qırğızıstan müdafiə idarəsinə yeni rəhbərliyin gəlişi ilə iki ölkə arasında hərbi əməkdaşlıq fəal inkişaf etməyə başlayacaq.
RF Müdafiə Nazirliyi Qırğızıstan ərazisində təlim mərkəzi yaratmağı planlaşdırır

Rusiya Müdafiə Nazirliyi ümid edir ki, Qırğızıstan müdafiə idarəsinə yeni rəhbərliyin gəlişi ilə iki ölkə arasında hərbi əməkdaşlıq fəal inkişaf etməyə başlayacaq. Bu barədə cümə günü jurnalistlərə Rusiyanın müdafiə naziri Anatoli Serdyukov bildirib. Məlumatı RİA Novosti yayıb.

"Biz Qırğızıstan Müdafiə Nazirliyi ilə işləri dayandırmamışıq və davam etdiririk. İndi bu ölkənin yeni müdafiə naziri general-mayor Abibilla Qudayberdiyevi Moskvaya dəvət etmişəm və o yaxın günlərdə bura səfər edəcək", - o bildirib.

Nazirin sözlərinə görə, Moskvadakı danışıqlar zamanı qırğız həmkarı ilə Rusiya və Qırğızıstan hərbi qulluqçularının hazırlanması və bu ölkənin ərazisində Rusiya hərbi obyektlərinin yerləşdirilməsi üzrə təlim mərkəzinin yaradılmasını müzakirə etməyi planlaşdırır. "Biz Qırğızıstanda hərbi qulluqçularımızın qalma vaxtının uzadılması və şərtlərini müzakirə edəcəyik", - Serdyukov qeyd edib.

"Sabiq rəhbərliyin dövründə Rusiya Qırğızıstanda təlim mərkəzi yaratmağı təklif edən zaman bu təklifin həyata keçirilməsi üzrə elə qarşılıqlı şərtlər qoymuşdular ki, onlar bizim üçün qəbulolunmaz idi", - RF müdafiə naziri xatırladıb.

"Belə olan halda həmin mövzu üzrə müzakirəni dayandırdıq. İndi Qırğızıstanın müdafiə nazirinin dəyişdirilməsi ilə Qırğızıstanın Rusiyanın maraqlarını nəzərə almaq şərtilə bu məsələyə qayıtmağa hazır olduğu barədə məlumat almışıq", - nazir vurğulayıb.

Rusiya Oş şəhərində təlim mərkəzi yaratmağı təkilf edib. "Biz Kantdakı bazamız üzrə məsələləri, rabitə qovşağı və hərbi-dəniz tərkibini müzakirə etməyi planlaşdırırıq", - Serdyukov əlavə edib.

RF müdafiə nazirinin mətbuat katibi, polkovnik-leytenant İrina Kovalçuk öz növbəsində RİA Novosti-yə bildirib ki, Qırğızıstan müdafiə nazirinin Moskvaya səfəri sentyabrın 13-nə nəzərdə tutulub.

"İki ölkənin müdafiə nazirləri ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın perspektivlərini, həmçinin, regional sabitlik və təhlükəsizliyin təminatı məsələlərini müzakirə etməyi planlaşdırır", - o bildirib.

Xəbər lenti

Xəbər lenti