İstanbulda Türkdilli ölkələrin dövlət başçılarının X sammiti çərçivəsində Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında saziş imzalanıb. Məlumatı "TRT Haber" telekanalı yayıb.
Əməkdaşlıq Şurasının yaradılması ideyasını ilk dəfə Nursultan Nazarbayev 2006-cı ildə Antalyadakı sammitdə bəyan edib. 2009-cu ildə Naxçıvanda keçirilmiş forumda bu ideya yeni beynəlxalq strukturun yaradılması haqqında sazişlə möhkəmlənib. Şura eyni dildə danışan və oxşar mədəni mühitdə yaşayan xalqların birliyinin gücləndirilməsi, siyasi və ticari-iqtisadi əlaqələrin möhkəmləndirilməsi məqsədini daşıyan yeni regional ümumtürk birliyinin yaranması üçün baza olacaq.
"Türkdilli ölkələrin liderləri xalqlar arasında mədəni əməkdaşlıq, həmçinin Sovet İttifaqı dağıldıqdan sonra əldə olunmuş müstəqilliyin 20-ci ildönümünü birgə qeyd etmək barədə razılığa gəliblər", - Türkiyə Prezidenti Abdullah Gül birgə mətbuat konfransında deyib.
Gündəliyə məsləhətçi-məşvərətçi orqanın - Ağsaqqallar Şurasının yaradılması məsələsi də daxildir. Şuraya Türkiyə Prezidenti Katibliyinin rəhbəri Mustafa İsenin rəhbərlik edəcəyi gözlənilir.
Türkdilli ölkələrin dövlət başçılarının növbəti sammiti Qazaxıstanda keçiriləcək.