Türkiyə və İsrail arasındakı münasibətlərdə ixtilaf Yaxın Şərqdə sabitliyin yaranmasına kömək etmir. İsrailin müdafiə naziri Ehud Barak BMT-nin mənzil-qərargahında baş katib Pan Gi Munla görüşdən sonra bəyan edib. Xəbəri "CNN Turk" telekanalı yayıb.
Barak türk və israilli nümayəndələrin ötən bazar günü Cenevrədə görüşü barədə suala cavab verərkən bildirib ki, danışıqların detalları ilə tanış deyil.
Cenevrədə görüş Türkiyə və İsrailin baş nazirləri Rəcəb Tayyib Ərdoğanla Benyamin Netanyahu arasında telefon danışığından sonra baş tutub. Həmin söhbətdə Netanyahu meşə yanğınlarının söndürülməsində İsrailə kömək üçün iki təyyarənin göndərilməsi barədə tapşırıq verən Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib.
Yaxın keçmişədək hərbi-siyasi sahədə sıx əməkdaşlıq edən Türkiyə ilə İsrail arasında münasibətlər mayın 31-də İsrail hərbçilərinin Qəzzaya humanitar yük aparan "Azadlıq donanması"na hücumundan sonra kəskin pisləşib. Doqquz Türkiyə vətəndaşının həlak olduğu bu hücumun ardından Türkiyə hökuməti İsraillə münasibətlərə yenidən baxacağını elan edib və İsraildən Türkiyə vətəndaşlarının həlak olması ilə bağlı rəsmi üzr istəməsini və həlak olanların ailələrinə təzminatın ödənilməsini tələb edib.