İranın dövlət xəbər agentliyi IRNA ölkənin Sistan və Bəluçistan əyalətinin Çabahar şəhərində partlayış törədənlərin ölkədən kənar qüvvələr tərəfindən silahlandırıldığını bəyan edib. Məqalədə yazılıb ki, "Pakistan hərbi qruplaşmaları" çərçivəsində "Cunduşşeytan" ("Cundullah") və "Taliban" qruplaşmaları İranın şərqində təxribat törədirlər. IRNA agentliyi regionun bəzi ekspertlərinin adından (ekspertlərin adları açıqlanmır) yazır ki, bu sələfi və vəhhabi qruplaşmaları "Pakistan hərbi qruplaşmaları"ndan olsalar da, əslində göstərişləri İslamabaddan və bu ölkənin Təhlükəsizlik təşkilatından alırlar.
IRNA yazır ki, Pakistanın Kuveytə şəhərində yaşayan sələfi və vəhhabi düşüncəli insanlar "İslam dövləti" qurmaq xəyalı ilə Əfqanıstan, Pakistan və digər ölkələrdə qarşudurmalar yaradırlar. Onlar Pakistanın Təhlükəsizlik təşkilatından birbaşa göstərişlər alırlar.
Çərşənbə günü səhər saat 10:30 radələrində İranın Sistan və Bəluçistan əyalətinin Çabahar şəhərində İmam Hüseyn məscidinin yaxınlığında baş vermiş terror aktı nəticəsində imamın vəfatının ilönümü ilə əlaqədar məscidə gələn 39 nəfər ölüb, onların arasında üç qadın və üçaylıq körpə də var, 55 nəfər isə yaralanıb. İranın Sistan və Bəluçistan əyalətinin Çabahar şəhərində baş verən terror aktına görə məsuliyyəti "Cundullah" qruplaşması öz üzərinə götürüb. Bu barədə "Mehr" informasiya agentliyi Dubayın "Al-Arabia" telekanalına istinadən məlumat verib.
IRNA agentliyi xəbərin davamında yazır ki, Pakistan təssüflər olsun ki, terrorçu quruplaşmaların toplaşdığı, təlimlər keçdiyi mərkəzə çevrilib. Əgər rəsmi İslamabad İran ilə sərhədlərinə nəzarət etməkdə acizdirsə, bunu açıq şəkildə bəyan etsin ki, Tehran da öz təhlükəsizliyinin təmini üçün işlər görsün.
Bəluç sünnilərinin təşkilatı olan "Cundullah" ("Allahın döyüşçüləri") qruplaşması 2003-cü ildə yaradılıb və İranda, eləcə də qonşu Pakistandakı Bəluçistan əyalətində fəaliyyət göstərir. İran hakimiyyəti "Cundullah"ı kütləvi qətllər, silahlı basqınlar, adam oğurluqları, partlayış və təxribatlar törətməkdə günahlandırır. Tehran bəyan edir ki, "Cundullah" qruplaşması ABŞ və Böyük Britaniyanın xüsusi xidmət orqanları ilə əlbirdir.
2010-cu il iyulun 16-na keçən gecə Zahidanda "Cami" məscidinin qarşısında iki kamikadze partlayıcı qurğunu işə salıb. Terror aktı nəticəsində həlak olanların sayı 27 nəfərə çatıb, 270 nəfər yaralanıb. Dubayın "əl-Ərəbiyyə" telekanalının verdiyi məlumata görə, terror aktına görə məsuliyyəti rəhbərləri Əbdülməlik Riqinin edam edilməsinə cavab olaraq, "Cundullah" qruplaşması öz üzərinə götürüb.
Təşkilatın üzərinə götürdüyü son terror aktı 2009-cu ilin oktyabrında İranın cənub-şərqində baş verən və 50 nəfərə yaxın insanın həyatına son qoyan partlayış olub.