Səudiyə Ərəbistanı ölkədə yürüş və ya etiraz aksiyası keçirməyə qadağa qoyub. Trend-in məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin şənbə günü yaydığı rəsmi bəyanatında deyilir. Xəbəri Reuters agentliyi yayıb.
Bəyanatda bildirilib ki, dövlət hüquq-mühafizə orqanları ictimai asayişi pozacaq istənilən aksiyanın qarşısını almaq üçün bütün lazımi tədbirləri görəcək.
Güman edilir ki, Səudiyə Ərəbistanın bu addımı bir çox ərəb ölkələrində keçən iğtişaşlar və etiraz aksiyalarının ölkədə təkrarlanmamasını təmin etməyə yönəldilib.
Son aylar Yaxın Şərq və Şimalı Afrika ölkələrində kütləvi etiraz aksiyaları və iğtişaşlar keçirilir. Nəticədə Misir və Tunisdə hakimiyyət dəyişib. Hazırda iğtişaşlar Yəməndə, Bəhreyndə, Liviyada davam edir. Əlcəzair, İraq, Mərakeş, İordaniya, Oman da etiraz aksiyaları ilə üzləşib.
Liviya əyalətlərində ölkəni 42 ildir idarə edən Müəmmər Qəddafinin istefası ilə bağlı aksiyalar fevralın 15-dən davam edir. Ölkə hakimiyyəti nümayişləri yatırır. Kütləvi etirazların yatırılması zamanı Benqazi şəhərində 560 nəfər həlak olub, 6 min nəfər yaralanıb. Rəsmi hökumət 84 nəfərin ölümünü təsdiqləyir.