Avropa Dini Liderləri Şurasının iclası ilk dəfə olaraq Moskvada (21-23 iyun) keçiriləcək və Rus pravoslav kilsəsinin təklifi ilə Avropa insan hüquqları və ənənəvi dəyərlər mövzusuna həsr olunacaq. Trend-in məlumatına görə, bu barədə Moskva patriarxının mətbuat xidməti məlumat verib.
Avropa Dini Liderləri Şurası sülh uğrunda Ümumdünya dinlər konfransı çərçivəsində dörd regional dinlərarası şuradan biridir. Şura Avropanın nüfuzlu dini liderlərini - yəhudiləri, xristianları və müsəlmanları birləşdirir, eləcə də qitədə təmsil olunan digər ənənəvi dinlərin nümayəndələrinin iştirakını nəzərdə tutur. 2002-ci ildə yaradılan təşkilatın tərkibinə 45 iştirakçı daxildir.
"Avropa Dini Liderləri Şurası insan şəxsiyyətinə hörmətə və dünyada yaşamaq hüququna əsaslanır. Bundan çıxış edərək dini liderlər - şura iştirakçıları münaqişələrin qarşısının alınması və dini icmaların dinc, yanaşı yaşamalarına yardım məqsədilə əməkdaşlıq etmək barədə üzərilərinə öhdəlik götürüblər. Avropa Dini Liderləri Şurası çərçivəsində iş qarşılıqlı hörmət və bir-birinin dini fərqliliyinin tanınması əsasında həyata keçirilir", - Moskva patriarxının mətbuat xidmətinin məlumatında deyilir.
Gözlənilir ki, iclasda Rus pravoslav kilsəsinin və Rusiya Dinlərarası Şurasının nümayəndələri iştirak edəcək.