Azərbaycan, Bakı, 30 may /Trend/
İran limanlarında İsrailə məxsus heç bir gəmi lövbər salmayıb. Trend-in məlumatına görə, bunu İranın Limanlar və Dənizçilik Təşkilatı (Ports and Maritime Organization) rəhbərinin müavini Möhsun Sadiqifər (Mohsen Sadeghifar) İRNA agentliyinə bildirib.
"Haaretz"-in (İsrail) iqtisadi nəşri "The Marter"-in mayın 29-da yaydığı xəbərə görə, son illərdə İsrailin "Ofer Brothers Group" şirkətinə məxsus 13 gəmi İranın Fars körfəzindəki limanlarında lövbər salıb. Keçən həftə ABŞ həmin şirkəti İrana gəmi satdığı üçün "qara siyahı"ya salıb. "Ofer Brothers Group" ABŞ-ın sanksiyasına reaksiya olaraq bildirib ki, Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən bir şirkətə gəmi satıb və həmin şirkətin İrana bağlı olduğunu bilmirmiş.
Sadiqifər deyib ki, istənilən gəminin İran limanlarında lövbər salması üçün Gömrük İdarəsi, yaxud Ticarət Nazirliyinin rəsmi icazəsi olmalıdır. "İran və İsrail arasında düşmənçilik olduğundan İslam Respublikası heç vaxt İsrail gəmilərinin ölkə limanlarında lövbər salmasına rəsmi şəkildə icazə verməz", - o, bildirib.