...

İranın müxalifət liderinin qızı atasının dəfn mərasimində vəfat edib

Dünya xəbərləri Materials 1 İyun 2011 12:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 iyun /Trend/

İranın müxalif Milli-Məzhəbi Fəallar Şurasının sədri və ölkənin müxalifət liderlərindən olan İzzətullah Səhabinin qızı Halə Səhabi atasının dəfn mərasimində vəfat edib. Bu barədə Trend İranın /asriran.com/ xəbər saytına istinadən məlumat verir.

İran KİV-i Halə Səhabinin ölüm səbəbi ilə bağlı müxtəlif məlumatlar yayıb. Kütləvi informasiya vasitələrinin bəziləri Səhabinin təhlükəsizlik qüvvələrinin dəfn mərasiminə hücum etməsi nəticəsində öldüyünü desə də, bəziləri onun ölümünə infarkt keçirməsinin səbəb olduğunu bildirirlər.

MEHR agentliyi məlumat verir ki, şəkər xəstəsi olan Səhabi infarkt keçirib. Həmin məlumatda təhlükəsizlik qüvvələri ilə dəfn mərasimində iştirak edənlər arasında qarşıdurma baş verdiyi və 3 nəfərin həbs olunduğu da bildirilir.

İzzətullah Səhabi mayın 31-də yerli vaxtla saat 02:10 radələrində Tehranın Müdərris xəstəxanasında vəfat edib. O, aprelin 29-da infarkt keçirərək komaya düşmüşdü.

Səhabi öz siyasi fəaliyyətinə 1953-cü ildə başlayıb, İran İslam İnqilabından öncə və sonra ümumilikdə 15 il həbsdə saxlanılıb. O, İranın Azadlıq Hərəkatı Partiyasının təsisçilərindən olub. İran İslam İnqilabından sonra ölkənin Büdcə və Proqramlaşdırma Təşkilatının sədri və İran parlamentinin nümayəndəsi olub. Səhabi 2009-cu ildə İranda keçirilən prezident seçkilərdən sonra həbs olunaraq 11 il azadlıqdan məhrum edilmişdi.

Səhabinin qızı Halə Səhabi ًqadın hüquqları fəallarından idi. O, ötən il öz evinin qarşısında həbs olunmuşdu. Atasının dəfn mərasimində iştirak etmək üçün ona qısamüddətli məzuniyyət verilmişdi.

Xəbər lenti

Xəbər lenti