...

İranda həbsdə olan tanınmış jurnalistin cəza müddəti daha iki il artırılıb

Dünya xəbərləri Materials 5 Avqust 2011 11:50 (UTC +04:00)
İran məhkəməsi ötən gün 2009-cu ilin iyununda keçirilən prezident seçkilərinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlardan sonra həbs olunmuş siyasi fəal və ölkənin tanınmış müxalifyönlü jurnalisti İsa Səhərxizin cəza müddətini daha iki il artırıb.
İranda həbsdə olan tanınmış jurnalistin cəza müddəti daha iki il artırılıb

Azərbaycan, Bakı, 5 avqust /Trend/

İran məhkəməsi ötən gün 2009-cu ilin iyununda keçirilən prezident seçkilərinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlardan sonra həbs olunmuş siyasi fəal və ölkənin tanınmış müxalifyönlü jurnalisti İsa Səhərxizin cəza müddətini daha iki il artırıb. Həbsdə olan jurnalistin oğlu Mehdi Səhərxiz faktı təsdiqləyib. Bu barədə Trend /radiofarda.com/ saytına istinadən məlumat verir.

"Atamın cəza müddətinin hansı səbəblərdən uzadıldığı məhkəmənin qərarında dəqiq göstərilməyib. Hazırda bu qərardan apelyasiya şikayəti vermişik", - Mehdi Səhərxiz deyib.

Tehran məhkəməsi ötən il bir il həbsdə qaldıqdan sonra İsa Səhərxizi 3 il müddətinə azadlıqdan məhrum edib. Səhərxiz vaxtilə sabiq prezident Məhəmməd Xatəminin hakimiyyətdə olduğu dövrdə İrşad və Mədəniyyət Nazirliyinin Daxili mətbuat şöbəsinin rəhbəri olub.

Tehran məhkəməsi Səhərxizi ölkənin ali rəhbərini təhqir etməkdə, sistemə qarşı təbliğat aparmaqda, iğtişaşlara qatılmaqda, insanları iğtişaş törətməyə təşviq etməkdə təqsirli bilib.

Məhkəmə jurnalisti 3 il müddətinə azadlıqdan məhrum etməklə yanaşı, ona azadlığa çıxandan sonra 5 il siyasi və jurnalist fəaliyyəti ilə məşğul olmağı və 1 il ərzində İranı tərk etməyi yasaqlamışdı.

Xəbər lenti

Xəbər lenti