Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir A.Tağıyeva/
Şimali Kipr Türk Respublikası (ŞKTR) ilə birgə Aralıq dənizində karbohidrogen kəşfiyyatını həyata keçirən Türkiyə bu gün dənizə üçüncü tədqiqat gəmisini göndərib. Bu barədə jurnalistlərə Türkiyənin energetika naziri Taner Yıldız məlumat verib. Trend-in məlumatına görə, bu barədə "Sabah" qəzeti yazır.
Nazirin sözlərinə görə, 40 gün əvvəl Aralıq dənizinə "Piri Rəis" gəmisindən sonra üçölçülü tədqiqatlar aparan ikinci gəmi göndərilib.
Yıldızın sözlərinə görə, üçüncü gəmiyə gəldikdə, o, 1100 kvadrat kilometr ərazidə təddqiqat aparacaq. Beləliklə, karbohidrogenlərin axtarışı işləri üç gəmi vasitəsilə aparılacaq ki, bu da tədqiqatları daha sürətlə aparmağa imkan verəcək.
Sentyabrın 23-də karbohidrogen kəşfiyyatı aparmaq üçün Kipr sahillərinə doğru səfərə çıxan Türkiyə tədqiqat gəmisi "Piri Rəis" artıq 1000 kvadrat kilometrə yaxın sahədə kəşfiyyat işlərinin birinci mərhələsini artıq başa vurub.
Nikosiyanın yunan və türk tərəflərinə ayrılmış adanın sahillərindəki şelfin işlənməsi üzrə fəaliyyətə başlamasından sonra Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyanat verib ki, Ankara ŞKTR ilə birlikdə bir həftə ərzində Şimali Kiprin "müstəsna iqtisadi zonasında" neft və qaz kəşfiyyatına başlayacaq.
Bundan sonra, oktyabrın 21-də Türkiyə hökuməti və ŞKTR prezidenti Dərviş Eroğlu Nyu Yorkda neft və qaz kəşfiyyatı və hasilatı işləri aparmaq üçün şelfin sərhədi haqqında saziş imzalayıblar. İmzalama mərasimindən sonra Ərdoğan Kipr Respublikası (yunan tərəfi) ilə şelfin işlənməsində əməkdaşlıq edən şirkətlərə qarşı sanksiya tətbiq olunacağı barədə xəbərdarlıq edib.