Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov /
İranla Rusiya arasında münasibətlər kifayət qədər kövrəkdir. Trendin məlumatına görə, bunu İranın keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncani İranın "EuroAsia" Araşdırma Mərkəzinin veb-saytına müsahibəsində bildirib.
İranın Məsləhət Şurasının sədri olan Rəfsəncani son bir neçə il ərzində Rusiya ilə İran arasında münasibətlərin daha da soyuduğunu qeyd edib.
Keçmiş prezidentin sözlərinə görə, bunun səbəbi "Rusiyanın xarici siyasətinin ikili xarakter daşıması", eləcə də "İranın "soyuq müharibə"nin başa çatmasından sonra dünya siyasətini səhv qiymətləndirməsi"dir.
"Rusiya ilə İran arasında münasibətlər Rusiyanın xarici siyasətindəki yeni istiqamətlərin yaranması ilə əlaqədar dəyişib", - Rəfsəncani deyib.
Onun sözlərinə görə, əgər əvvəllər Rusiyanın xarici siyasəti iki ölkənin ümumi maraqlarına və təhlükəsizlik məsələlərinə uyğun gəlirdisə, indi kurs Qərblə əməkdaşlıq, öz iqtisadi inkişafı və milli maraqları tərəfə dəyişib.
Rəfsəncaninin fikrincə, Rusiyanın təklif etdiyi addım planına gəlincə, bu, "göstərir ki, Rusiya İranın nüvə problemi məsələsində təşəbbüs irəli sürür və danışıqlara müsbət aspektlər əlavə etmək istəyir".
"Həmçinin Qərb kimi Rusiya da İranın zərurət yaranarsa, nüvə silahı yarada biləcəyindən ehtiyatlanır", - o deyib.
2011-ci il iyulun 13-də Rusiya İranın nüvə proqramı üzrə danışıqlarda mərhələli yanaşma təklifini irəli sürüb. Təklifə əsasən, Tehran Beynəlxalq Atom Enerji Agentliyinin (BAEA) suallarına və narahatçılığına hər dəfə məmnunluqla cavab verərsə, onu təşviq etmək, o cümlədən bəzi sanksiyaları dayandırmaq lazımdır.
Rusiya, ABŞ, Çin, Böyük Britaniya, Fransa və Almaniyadan ibarət "altılıq" 2003-cü ildən etibarən İranı nüvəni zənginləşdirmək proqramını dayandırmaq üçün inandırmağa cəhd edir.
İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının rəhbəri Ələddin Borucerdi "altılıq" ölkələrinə İranı nüvə potensialı olan ölkə kimi tanımağı tövsiyə edib.
İran və "altılıq" 2010-cu ilin dekabrında Cenevrədə və ötən ilin yanvarında İstanbulda çoxtərəfli danışıqların iki raundunu keçiriblər.