Azərbaycan, Bakı, 23 may / Trend, müxbir A.Tağıyeva /
Çərşənbə günü səhər saat 08:00-da Misirdə prezident seçkiləri üzrə səsvermə başlayıb. 27 vilayətdə 14 minə yaxın seçki məntəqəsi açılıb. Trend-in məlumatına görə, bu barədə "Məsrəvi" agentliyi xəbər verib.
Səsvermədə 50 milyona yaxın seçici iştirak edə bilər.
Səsvermə iki gün keçiriləcək və mayın 24-də başa çatacaq. Seçkilərin ilkin nəticələri növbəti bazar ertəsi mətbuat konfransında elan ediləcək.
Lakin analitiklərin fikrincə, Misirin yeni prezidentinin birinci turda seçilməsi çətindir. Çünki bu posta 13 namizəd iddialıdır və seçicilərin səsləri onların arasında paylandığından birinci turda seçilmək üçün zəruri olan səs toplamaq namizədlərdən heç birinə nəsib olmayacaq.
Namizədlər arasında sabiq prezident Hüsnü Mübarəkin keçmiş tərəfdarları da var. Bunlar ƏDL-in keçmiş baş katibi və Misir XİN-in keçmiş rəhbəri Əmr Musa, keçmiş Baş nazir Əhməd Şəfiqdir.
Keçirilən rəy sorğusuna görəş seçkilərin lideri islamçılar, "Müsəlman qardaşları"nın nümayəndəsi Məhəmməd Mursi və bu hərəkatın keçmiş üzvü, müstəqil namizəd Əbdülmən Əbültütuhdur.