Azərbaycan, Bakı, 24 may /Trend, müxbirlər D.Xatınoğlu, E.Tariverdiyeva/
İranın nüvə problemi üzrə danışıqların rəhbəri Səid Cəlili və Aİ-nin ali nümayəndəsi Ketrin Eşton cümə axşamı Bağdadda təkbətək ikitərəfli danışıqlar aparıblar. Trend-in məlumatına görə, bu barədə Fars News Agency xəbər verir.
İran və dünyanın aparıcı dövlətləri dünən İraq paytaxtında danışıqların ilk raundunu keçiriblər. Eşton və Cəlili arasında danışıqlar çərşənbə günü də keçirilib.
Məlumata görə, Eşton və Cəlili arasında danışıqlardan sonra İranla "5 +1" qrupu arasında nüvə proqramı ilə bağlı danışıqların ikinci raundu başlayacaq.
Dünyanın aparıcı dövlətləri İrana uranın zənginləşdirilməsinin azaldılmasına dair təklif təqdim ediblər. Bunu Eştonun nümayəndəsi Maykl Mann çərşənbə günü Bağdadda İranla "altılıq" arasında danışıqların kuluarlarında bəyan edib.
İRNA agentliyinin məlumatına görə, təklif uranın 20 faizədək zənginləşdirilməsi ilə bağlı edilib. Lakin Mann təklif haqqında daha ətraflı məlumat verməyib.
İran və dünyanın altı aparıcı dövləti mayın 23-də Bağdadda nüvə danışıqlarının yeni mərhələsinə başlayıblar.