...

Misirin “Demokratiya” adlı jurnalında “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və həlli yolları” adlı elmi məqaləsi dərc edilib

Dünya xəbərləri Materials 21 İyul 2013 16:04 (UTC +04:00)
Misir Ərəb Respublikasının Əl-Əhram Strateji Araşdırmalar Mərkəzinin “Demokratiya” adlı elmi jurnalının 51-ci sayında Şeymə Əbdüssalam İbrahimin “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və həlli yolları” adlı elmi məqaləsi dərc edilib.
Misirin “Demokratiya” adlı jurnalında  “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və həlli yolları” adlı elmi məqaləsi dərc edilib

Azərbaycan, Bakı, 21 iyul /Trend/

Misir Ərəb Respublikasının Əl-Əhram Strateji Araşdırmalar Mərkəzinin "Demokratiya" adlı elmi jurnalının 51-ci sayında Şeymə Əbdüssalam İbrahimin "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və həlli yolları" adlı elmi məqaləsi dərc edilib.

Azərbaycanın Misirdəki səfirliyindən Trend-ə verilən məlumata əsasən, Qarabağ probleminin təfərrüatlarına toxunan müəllif onun təkcə regional deyil, həmçinin, beynəlxalq problem olduğunu diqqətə çatdırmış, həmçinin Azərbaycanın 20% ərazisini işğal etmiş Ermənistanın BMT-nin dörd qətnaməsini yerinə yetirmədiyini, nəticədə bir milyondan çox azərbaycanlı qaçqınların öz yurdlarına qayıda bilməməsini vurğulayıb.

Müəllif eyni zamanda, Ermənistan tərəfinin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq müstəvisində həllinə maneələr yaratdığını, qeyri-konstruktiv mövqe nümayiş etdirdiyini, lakin Azərbaycan tərəfinin sülh danışıqlarına hər zaman hazır olduğunu qeyd edərək, Dağlıq Qarabağa ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində muxtariyyət verilməsinin mümkün olduğunu açıqlayıb.

Sülh danışıqları yolu ilə Ermənistan hərbi qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması, köçkün və qaçqınların öz yürdlarına qayıtması və Qarabağda milli azlıqların dinc şəraitdə yaşayışının təmin edilməsi, həmçinin, beynəlxalq hüquq prinsiplərinə söykənərək Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, orada yaşayan əhalinin təkcə ermənilərdən ibarət deyil, əksinə oradakı milli azlıqlardan biri sayıldığı müəllif tərəfindən xüsusilə vurğulanıb.

Müəllif həmçinin qeyd edir ki, münaqişə tərəfləri məsələni mərhələli şəkildə həll etmək üçün danışıqlar yolu ilə tələblərini irəli sürə bilərlər. Burada da haqlı tərəf kimi Azərbaycan uzun illərdir ki, bu variantdan istifadə edir, lakin Ermənistan tərəfi məsələyə ciddi yanaşmır və qeyri-konstruktivlik nümayiş etdirir.

Münaqişənin hərbi yolla həlli məsələsinə gəldikdə isə müəllif qeyd edir ki, Minsk qrupunun indiyə qədər göstərdiyi səylər nəticə vermədiyi üçün danışıqların sonsuza qədər davam etməsi Azərbaycan tərəfindən məqbul sayılmır. Ona görə də Azərbaycan işğal olunmuş torpaqlarını hərbi yolla azad etmək üçün müəyyən addımlar ata bilər.

Sonda müəllif Qafqazda müqayisəolunmaz iqtisadi və hərbi gücə malik olan Azərbaycanın iyirmi ildən çoxdur ki, sülh danışıqlarına ümid etdiyini, lakin sülh danışıqlarının qeyri-müəyyən bir vaxtadək uzanmasının Azərbaycan tərəfi üçün mümkün olmadığını vurğulayıb və Ermənistanın hal-hazırda üzləşdiyi və ilbəil artan iqtisadi-sosial problemləri ilə Azərbaycan Respublikası ilə rəqabət apara biləcək səviyyədə olmadığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti