Azərbaycan, Bakı, 26 sentyabr /Trend/
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) qərar qəbul edərsə, Qətər furtbol üzrə 2022-ci il dünya çempionatının qışda keçirilməsinə hazırdır. Bunu Qətər əmiri şeyx Tamim ben Hamad Əl Tani Amerikanın CNN telekanalına müsahibəsində deyib. Bu barədə Trend İTAR-TASS-a istinadən xəbər yayıb.
Bu ilin yayında Fars körfəzinin zəngin əmirliyinin taxtını tutan Əl tani bəyan edib: "Biz çempionatın yayda keçirilməsi üçün ərizə vermişik. Lakin sonda turnirin keçirilməsinin ən yaxşı vaxtı barədə qərarı FİFA verir. Biz hər iki varianta hazırıq".
O xatırladıb ki, Qətərdə stadionların kondisionerləşdirilməsi sistemi hazırlanıb ki, bu sistem artıq idman obyektlərindən birində uğurla fəaliyyət göstərir: "Bu, yoxlanılmış texnologiyadır, işləyir. Onun sayəsində futbolçular və azarkeşlər üçün şərait ideal olacaq, isti problem yaratmayacaq".
Əmir həmçinin bildirib ki, Qətərin DÇ 2022-nin keçirilməsi üzrə ərizəsi onun rəqibləri olan ABŞ, Yaponiya, Cənubi Koreya və Avstraliyadakından daha yaxşı idi.
Bir müddət əvvəl bəzi kütləvi informasiya vasitələri xəbər vermişdi ki, FİFA turnirin ərəb ölkəsində keçirilməsinə dair qərarı rüşvət nəticəsində qəbul edib.
Əl Tani deyib: "Ən yaxşı ərizə Qətərin idi və ölkə tarixdə ən yaxşı dünya çempionatlarından birini keçirəcək. Mən buna əminəm. Bəziləri sadəcə olaraq bununla barışmaq istəmirlər ki, kiçik ərəb müsəlman ölkəsi bu qədər irimiqyaslı tədbirin sahibi olacaq".
Bununla yanaşı, o etiraf edib ki, stadionların tikintisində iştirak edən miqrantların əməyinin təşkilində çətinliklər olub: "Bəli, bu, həqiqətdir. Bizdə problemlər olub və biz onları həll edirik. Biz qanuna dəyişikliklər etdik və onlara əməl olunmasına riayət edirik".
Bu yaxınlarda KİV-də yarışı qəbul edəcək stadionların tikintisi zamanı bir neçə yüz miqrantın həlak olması ilə bağlı xəbərlər yayılmışdı.