...

İranın nüvə müzakirələri harada dayanıb?

Dünya xəbərləri Materials 21 Noyabr 2014 13:19 (UTC +04:00)

Fars xəbərlər xidməti

Dalğa Xatınoğlu - Trend:

Dünyanın altı böyük dövləti Xarici İşlər Nazirliyi səviyyəsində İranla nüvə müzakirələrinə start verib.

Noyabrın 24-dək yeni razılıq əldə olunub, uzunmüddətli nüvə sazişi imzalanacağı və ya hazırkı müvəqqəti sazişin vaxtının yenidən uzadılacağı gözlənilir.

İran və Qərb rəsmilərinin dediyinə görə, əsas problem hazırda İranın hansı həcmdə uranı zənginləşdirməsi, həmçinin bu ölkəyə qarşı tətbiq olunan sanksiyaların necə ləğv olunmasıdır.

İranın imkanları və ehtiyacları

Hazırda İranda 19 min İR1 (Pakistan1), həmçinin 1000 ədəd İR2 çeşidli sentrifuqalar var, bunların yalnız 9 mini aktivdir və onlara zənginləşdirilməsi üçün uran qazı (UF6) vurulub.

İranın hazırda 1000 meqavat gücə malik bir nüvə elektrik stansiyası var.

"Buşəhr" nüvə stansiyasının tikilişi İran İslam inqilabından öncə başlasa da, almanlar bu layihəni 1979-cu ildə yarımçıq saxladılar. Nəhayət, İran və Rusiya 1992-ci ildə "Buşəhr" nüvə stansiyasını yenidən tikmək barədə razılığa gəldi. 1996-cı ildə yenidən stansiyanın tikintisinə başlanıldı və 2011-ci ildə işə düşdü. Müqaviləyə əsasən, Rusiya stansiyanın 10 illik yanacağını təmin etməlidir.

Rusiya İrana iki partiyada 112 ton həcmində 3,5 faiz zənginləşdirilmiş uran yanacağı təhvil verib. Bu həcm 2021-ci ilədək "Buşəhr" nüvə stansiyasını yanacaqla təmin etməyə kifayət edir.

Hazırda İranın özü də uran hasilatından tutmuş, yanacaq istehsalınadək bütün prosesləri həyata keçirməyə qadirdir, ancaq ölkənin uran ehtiyatları təxminən yox səviyyəsindədir.

İran iddia edir ki, ölkə üçün uranın zənginləşdirilməsi və yanacaq istehsalı labüddur, ancaq "Sağənd" və "Qərçin" uran yataqlarının ehtiyatları çox azdır.

Ölkənin uran ehtiyatı "Buşəhr" kimi güclü stansiyanı 3 ildən artıq təmin etməyə kifayət etmir. İranın bütün uran ehtiyatlarını nəzərə alsaq, ildə maksimum 100 ton "sarı tort" (Yellowcake) istehsal etmək olar. Halbuki "Buşəhr" stansiyasının ildə 200 ton "sarı tort"a ehtiyacı var.

"Sarı tort"u uran qazına (UF6) çevirəndən sonra zənginləşdirirlər.

İran uran ehtiyatlarının nə qədər olmasından asılı olmayaraq, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) qanunları əsasında (Non-Proliferation Treaty-yə əsasən) özü birbaşa uranı zənginləşdirə bilər, lakin bu məsələ Qərb ölkələrində ciddi şübhə doğurur.

Digər tərəfdən, İran Rusiya ilə 4 yeni nüvə reaktorunun tikintisi ilə bağlı müqavilə imzalayıb. İki reaktor "Buşəhr" stansiyasında tikiləcək və 2022-ci ilədək İran 3000 meqavat gücündə olan 3 nüvə reaktoruna malik olacaq. Bu reaktorların 10 illik nüvə yanacağı ilə təmin olunmasını da Rusiya öz öhdəsinə götürüb. Dünyada qaz ehtiyatları baxımından birinci (33,6 trilyon kubmetr), neft ehtiyatları üzrə isə (157 milyard barel) 4-cü yürdə olan İranın bu qədər reaktorun yanacağını necə təmin edəcəyi hələ məlum deyil.

Uranın zənginləşdirilməsi

İranın Nüvə Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi noyabrın 20-də elan etdi ki, İranın 8 il sonra 190 min SWU (izotop ayırma qabiliyyəti) sentrifuqalara ehtiyacı olacaq. İranın İR1 növündən olan sentrifuqalarının uran zənginləşdirmə gücü 0,8 SWU-dan 1,2 SWU-a qədərdir, ancaq İranın daha güclü sentrifuqaları da var. Məsələn, İR2 növündən olan sentrifuqaların gücü 4-5 SWU-dur. İranın İR5 növlü sentrifuqaları da var ki, gücü 24 SWU-a çatır.

Beləliklə, dəqiq demək olmaz ki, İranın neçə sentrifuqaya ehtiyacı var, ancaq ümumi olaraq, ölkə rəsmiləri ildə 190 min SWU gücə malik olan sentrifuqalara ehtiyac olduğunu bildirirlər. Bu rəqəm kifayət qədər böyükdür və ABŞ, Avropa İrandan hazırda 1500 ədəd İR1 və İR2 sentrifuqaları aktiv saxlamasını tələb edir.

Digər problem, uzunmüddətli nüvə sazişinin qüvvədə olacağı müddətlə bağlıdır. İran istəyir ki, bu müddət qısa olsun, Qərbin istəyi isə budur ki, saziş ən azı 20 il qüvvədə qalsın. Beləliklə, İranın növbəti 20 ildə uzağı 2000 SWU gücünə malik olan sentrifuqaları fəal qalacaq. İran bununla razılaşmır. Rəsmi Tehran, həmçinin tələb edir ki, ölkəyə qarşı tətbiq olunan sanksiyalar birdəfəlik ləğv olunsun. Bu isə demək olar ki, mümkunsüzdür, çünki İrana qarşı sanksiyaların bir qisminin ləğvi hökumətlərin deyil, parlamentlərin əlindədir. Məsələn, hazırda ABŞ-da respublikaçı deputatlar və konqresmənlər çoxluq təşkil edirlər, digər tərəfdən İranın əsas düşməni olan İsrailin ABŞ-da böyük nüfuzu var.

Hər halda, "altlıq" ölkələri ilə İranın mövqeyi arasında böyük ziddiyət var və noyabrın 24-dək bu problemlərin aradan qaldırılması çətindir, ancaq tərəflər müzakirələrin vaxtını yenidən uzada bilərlər.

İranın BAEA ilə digər problemləri də var. Agentliyin baş katibi Yukio Amano cümə axşamı bildirib ki, İran hələ də BAEA-nın iki sualına cavab verməyib: Parçin hərbi qərargahında keçirilmiş yüksək enerjili partlayış sınaqları və kompüterdə nüvə silahının simulyasiyası. İran bildirib ki, bu ittihamlar doğru deyil və saxta sənədlər əsasındadır.

Qeyd edək ki, ötən ilin noyabr ayında tərəflər müvəqqəti sazişə imza atıblar. Sənəd yanvarın 20-dən iyulun 20-dək icra olunub və sonra 4 ay müddətinə uzadılıb. İndi isə mövqelərin daha yaxınlaşdırılması üçün tərəflər yenidən bu müddəti uzada bilərlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: @dalgakhatinoglu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti