Bakı. Elçin Hüseynov - Trend:
Türkiyə Baş Prokurorluğu 50 milyon nəfər ölkə vətəndaşının şəxsi məlumatlarının hakerlər tərəfindən ictimailəşdirilməsi ilə bağlı istintaqa başlayıb. Bu barədə Trend "Habertürk" telekanalına istinadən məlumat verir.
Daha əvvəl Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ deyib ki, məlumat axınının "mənbəsini və səbəblərini" müəyyənləşdirmək lazımdır: "50 milyon nəfər ölkənin səsvermə hüququna malik vətəndaşlarının sayıdır. Mərkəzi Seçki Komitəsinin bu məlumatlarını, məsələn, siyasi partiyalar alır. Məlumat axını barədə biləndən sonra, hesab edirəm ki, müvafiq istintaq prosedurlarına başlanılıb".
50 milyon Türkiyə vətəndaşına aid məlumatlar həftənin əvvəli Rumıniyada qeydiyyatdan keçmiş saytda yayılıb. 7 Gb yaddaşa malik arxivdə insanların adı və soyadı, valideynlərinin adı, doğum tarixi, şəxsiyyət vəsiqələrinin nömrələri qeyd edilib.
Dosyedə, həmçinin Prezident Rəcəb Tayyib Ərdoğanın və Türkiyənin hökümət rəsmiləri haqqında da məlumatlar əks olunub.