Bakı. Trend:
Qətər 4 ərəb ölkəsinin rəsmi Doha ilə diplomatik münasibətləri kəsmək barədə qərarını əsassız sayır.
Trend-in məlumatına görə, bu barədə Qətər Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
Qeyd olunur ki, Qətər bu tədbirlərin ölkə iqtisadiyyatına təsir göstərməməsi üçün bütün zəruri işləri görəcək.
Bəyanatda deyilir ki, rəsmi Doha Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreynlə sərhədlərin bağlanmasından təəssüflənir.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.