Bakı. Rufiz Hafizoğlu - Trend:
Suriyanın Afrin bölgəsində davam edən "Zeytun budağı" əməliyyatı çərçivəsində Türkiyə Silahlı Qüvvələri tərəfindən azad edilən yaşayış məntəqələrinin sayı 90-a çatıb.
Trend-in məlumatına görə, bu gün səhər saatlarında daha 3 yaşayış məntəqəsi PYD və YPG terrorçularından azad edilib.
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının yaydığı son məlumata görə, əməliyyatlar çərçivəsində 1780 terrorçu zərərsizləşdirilib.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.