Bakı. Trend:
“Forbes Russia” jurnalı 2017-ci ildə Rusiyanın ən varlı 200 biznesmeninin reytinqini açıqlayıb.
Trend-in məlumatına görə, reytinqə daxil olan şəxslərin ümumi varidatının həcmi 485 milyard dollara bərabər olub. 2016-cı illə müqayisədə Rusiyada milyarderlərin sayı 96 nəfərdən 106 nəfərədək yüksəlib.
Reytinqdə birinci yeri Novolopetsk Metallurgiya Kombinatının sahibi Vladimir Lisin tutub. Onun varidatı 19,1 milyard dollar həcmində ölçülür.
İkinci yerdə 18,7 milyard dollarla “Severstal” şirkətinin Aleksey Mordaşov, üçüncü yerdə 18 milyard dollarla “Sibur” neft-kimya şirkətinin və “Novatek” qaz şirkətinin sahibi Leonid Mixelson qərarlaşıb.
Bundan başqa, ilk onluğa “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov (16,4 milyard dollar), “Sibur” və “Novatek” şirkətlərinin pay sahibi Gennadi Timçenko (16 milyard dollar), “Norilskiy nikel” şirkətinin həmsahibi Vladimir Potanin ( 15,9 milyard dollar), “Yevroxim” şirkətinin strategiya komitəsinin sədri Andrey Melniçenko (15,5 milyard dollar), “LetterOne Holdings” və “Alfa-Qrupp” şirkətlərinin həmsahibi Mixail Fridman (15,1 milyard dollar), “Rusal” şirkətinin səhmdarı Viktor Vekselberq (14,4 milyard dollar) və “Metalloinvest” şirkətinin sahibi Alişer Usmanov (12,5 milyard dollar) daxil olub.