Bakı. Elnur Bağışov - Trend:
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası fövqəladə iclas keçirərək general Qasım Süleymaninin Bağdadda öldürülməsini araşdırıb.
Trend-in məlumatına görə, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü Hüseyn Nəqəvi Hüseyni parlamentin informasiya portalına açıqlamasında deyib.
H.N.Hüseyninin sözlərinə görə, iclas İranın hərbi və təhlükəsizlik qurumlarından nümayəndələrin iştirakı ilə keçirilib. İclasda ABŞ ordusu əleyhinə parlamentin qərarlarının icra edilməsi üzrə komissiyanın ciddi tələbi irəli sürülüb və araşdırılıb.
Hüseyni əlavə edib ki, iclasda ABŞ-ın İran əleyhinə bütün planlarının zərərsizləşdirildiyi və İran İslam Respublikasını devirmək, iğtişaş törətmək kimi planlarının nəticə vermədiyi qeyd olunub.
Parlament rəsmisinin sözlərinə görə, iclasda bu hadisə ilə əlaqədar reaksiyanın verilməsi haqda təkliflər araşdırılıb.
Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb. Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb. Qeyd edilir ki, əməliyyatın məqsədi gələcəkdə İran tərəfindən hücumların qarşısını almaq olub.