Bakı. Trend:
ABŞ-ın "Amazon" şirkəti özünün yüksəksürətli peyk interneti layihəsinin işə salınması üzərində işləyir.
Trend-in məlumatına görə, dünyanın ən zəngin şəxslərindən biri Ceff Bezosa məxsus şirkət bu məqsədlə üç kosmik şirkətlə müqavilələr imzalayıb.
"Project Kuiper" adı verilən layihəyə əsasən, beş il ərzində 3 200-dən çox peykin buraxılışı nəzərdə tutulur. Layihədə "United Launch Alliance", "Arianespace" və "Blue Origin" kosmik şirkətləri iştirak edəcək. Layihənin ümumi dəyəri 10 milyard dollar məbləğində qiymətləndirilir.
"Project Kuiper" layihəsinin "SpaceX"-in "Starlink" layihəsinə rəqib olacağı gözlənilir. "SpaceX" 2019-cu ildən bugünədək 2 mindən çox peyki fəzaya buraxıb. Ümumilikdə, 11 min peykin buraxılması planlaşdırılır.