Bakı. Trend:
ABŞ dövlət katibi Entoni Blinken yaxın günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlarının baş tutacağını gözləyir.
Trend-in məlumatına görə, bu barədə o, Dövlət Departamentində jurnalistlərə bildirib.
E.Blinken S.Lavrovla Rusiyada həbs edilən amerikalıların taleyini və Ukraynanın taxıl ixracı mövzusunu müzakirə etmək niyyətindədir.
"Mən bizim üçün prioritet olan məsələni qaldıracağam. Bu, amerikalılar Pol Uilan və Britni Qraynerin azadlığa buraxılmasıdır", - deyə E.Blinken bildirib.
Onun sözlərinə görə, Amerika tərəfi bir neçə həftə əvvəl Moskvaya onların azad edilməsini asanlaşdıra biləcək təklif göndərib. Moskva və Vaşinqtonun nümayəndələri daim əlaqə saxlayır və bu təklifi müzakirə edirlər.