Bakı. Trend:
Argentina prezidenti Alberto Fernandes Qətərdə keçirilən dünya çempionatının 1/4 final matçında qalib gəldiyi üçün ölkəsinin milli futbol komandasına təşəkkür edib.
Trend xəbər verir ki, bu barədə A.Fernandes özünün rəsmi "Twitter" səhifəsində yazıb.
"Son topa qədər bu qədər ehtiras və bağlılığa görə oyunçulara, məşqçiyə və nümayəndə heyətinin bütün üzvlərinə bir daha təşəkkür edirəm. Bizi çox sevindirdiniz", - deyə Argentina prezidenti bildirib.
Xatırladaq ki, bu gün Argentina milli Dünya Çempionatının 1/4 final mərhələsində penalti seriyasında Niderland millisini məğlub edərək yarımfinal mərhələsinə vəsiqə qazanıb.