Bakı. Trend:
ABŞ Prezidenti Co Bayden Suriyaya qarşı birtərəfli sanksiyaları daha bir il uzatmaq qərarına gəlib.
Trend xəbər verir ki, bu barədə Ağ Ev tərəfindən dərc edilən bildirişdə deyilir.
Söhbət 2004-2012-ci illər ərzində Vaşinqtonun Dəməşqə qarşı ardıcıl olaraq tətbiq etdiyi müxtəlif məhdudlaşdırıcı tədbirlərin qüvvədə saxlanılmasından gedir. Bu məhdudiyyətlər, xüsusilə, ABŞ-ın yurisdiksiyasında olan bəzi fiziki və hüquqi şəxslərin aktivlərinin bloklanmasını, həmçinin Amerika mallarının və xidmətlərinin müəyyən kateqoriyalarının Suriyaya ixracına qadağa qoyulmasını nəzərdə tutur.
Sənəddə qeyd edilir ki, Suriya rejiminin hərəkətləri “ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün” təhlükə yaradır. Bununla əlaqədar 2004-cü il mayın 11-də elan edilmiş fövqəladə vəziyyət və görülən tədbirlər “11 may 2023-cü ildən sonra da davam etdirilməlidir”.
"Ona görə də <...> Suriya hökumətinin hərəkətləri ilə əlaqədar elan edilmiş fövqəladə vəziyyətin müddətini bir il uzadıram", - deyə C.Bayden bildirib.