Bakı. Trend:
ABŞ dövlət katibi Entoni Blinken Kiyevə səfəri zamanı Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə "McDonald's" restoranında olub.
Trend xəbər verir ki, Blinkenlə Kulebanın qəlyanaltı etdiyinə dair videogörüntü restoranın "X" (Tvitter) səhifəsində paylaşılıb.
Blinken kartof fri, Kuleba isə piroq sifariş verib.
Söhbət zamanı Kuleba "McDonald's" haqqındakı xatirələrini Blinkenə danışıb.
"Tələbəlik illərimdə sərxoş olduqdan sonra özümü pis edəndə qəlyanaltımı "McDonald's"da edirdim. Əlbəttə, bu nadirən olurdu. Bir dəfə ikiqat çizburger, böyük bir "Coca Cola" aldım. Bu mənim sərxoşluqdan sonrakı vəziyyətimdə yediyim ən yaxşı səhər yeməyi idi", - deyə ukraynalı nazir bildirib.
ABŞ dövlət katibi cavabında gülümsəyərək, onda heç vaxt belə bir şeyin olmadığını bildirib.