...

Bəşəriyyət artıq “cəhənnəmin qapılarını” açıb - BMT

Dünya xəbərləri Materials 22 Sentyabr 2023 12:21 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, ölkələrin iqlim dəyişikliyi ilə mübarizə üzrə hərəkətləri problemin miqyasına görə cılızdır: bəşəriyyət artıq “cəhənnəmin qapılarını açıb” və “təhlükəli və qeyri-sabit dünyaya” doğru irəliləyir.

Trend BMT-nin saytına istinadən xəbər verir ki, baş katibin sözlərinə görə, heç nə dəyişməsə, dünya 2,8 dərəcə Selsi temperatur artımına yaxınlaşacaq.

“Dəhşətli istilər dünyaya fəlakətli təsir göstərir. İndi insanlar qorxu içində sel və daşqınların pərişan fermerlərin məhsulunu məhv etdiyini, isti temperaturun xəstəliklər törətdiyini və tarixi yanğınların meşələri yandırıb kül etdiyini izləyirlər”, - o əlavə edib.

Antonio Quterreş qazıntı yanacaqlarından milyardlar qazananların xəsisliyi ucbatından itirilmiş vaxtı kompensasiya etməyə çağırıb. O təklif edib ki, bu yanacaq növlərindən ən çox faydalanan ölkələr emissiyaları azaltmaq üçün daha çox iş görsünlər.

Ötən ilin noyabrında Quterreş bildirmişdi ki, son səkkiz il tarixdə ən isti il olub. Onun sözlərinə görə, iqlim dəyişikliyi ildırım sürəti ilə baş verir və planetimiz “fəlakət siqnalı göndərir”. “Bəşəriyyət cəhənnəm iqliminə aparan yolda addımlayır”, - deyə baş katib vurğulayıb.

Bu il martın 21-də BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Paneli Quterreşin “bəşəriyyətin sağ qalması üçün bələdçi” adlandırdığı hesabatında qlobal istiləşmənin sənaye dövründən əvvəlki dövrlərlə müqayisədə 1,5 dərəcə Selsi səviyyəsində qalmasının daha çətin olduğunu bildirib. Bunun səbəbi son illərdə istixana qazı emissiyalarının davamlı artmasıdır. Hesabatın müəllifləri istixana qazları tullantılarının azaldılması və planetin antropogen iqlim dəyişikliyinə mümkün qədər tez uyğunlaşdırılması üçün tədbirlər görməyə çağırıblar.

Bununla belə, “Exxon Mobil” neft şirkətinin illik proqnozunda bildirilir ki, istixana qazı emissiyalarının azaldılması səyləri 2050-ci ilə qədər qlobal temperatur artımını 2 dərəcədən aşağı salmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti