Bakı. Trend:
Ermənipərəstliyi ilə seçilən demokrat konqresmen Adam Şiff utanmadan bəyan edir ki, amerikalılar üçün həssas olan məsələlərə - evsizlərə və narkomaniyaya yardıma dair proqramlara dəstək verir. Lakin araşdırmalar əsl gerçəyi ortaya çıxarıb. Məlum olub ki, o, bu istiqamətdə ayrılmış maliyyə vəsaitləri ilə bağlı natamam və həqiqəti ıks etdirməyən məlumatlar verməklə məşğul olub.
Trend xəbər verir ki, bu barədə “Politico” da dərc olunan məqalədə daha ətraflı qeyd olunur. Məsələyə daha yaxından nəzər saldıqda məlum olur ki, A.Şiff karyerasının əvvəllərində onun siyasi kampaniyalarının əsas sponsorları daxil olmaqla, korporativ benefisiarlara böyük məbləğdə maliyyə vəsaitləri göndərib.
Məqalədə o da əksini tapıb ki, Adam evsizlərə və narkomaniyaya yardıma dair proqramlara yanaşı, həm də kommersiya məqsədli şirkətlərə milyonlarla dollar məbləğində pul köçürüb. “Politico” qeyd edilir: “Eyni zamanda, o, Nümayəndələr Palatasına seçki kampaniyaları üçün bu korporasiyaların rəhbərlərindən və onlarla əlaqələri olan şəxslərdən on minlərlə dollar vəsait toplayıb”.
A.Şiff müdafiə sahəsində ixtisaslaşmış “Smiths Detection” və “Phasebridge Inc.” daxil olmaqla, müxtəlif şirkətlərə milyonlarla dollar dəyərində maliyyə vəsaiti köçürüb. Müəllifin sözlərinə görə, A.Şiff özünü Donald Trampa qarşı mübarizə aparan, demokratiya uğrunda “döyüşən” siyasətçi kimi göstərsə də, uzun illə ərzində Vaşinqtonun iki partiyalı səssiz, pərdəarxası kompromis ənənəsinə sadiq qalıb.
Qeyd edək ki, A.Şiff Konqresin aşağı palatasında keçmiş prezident Donald Trampın Rusiya ilə əlaqələrini araşdıran kəşfiyyat komitəsinin sədri olub. Hələ iyun ayında ABŞ Nümayəndələr Palatası Demokratlar partiyasını təmsil edən ermənipərəst konqresmen Adam Şiffin hərəkətini pisləyən qətnamə qəbul edib. Qətnamədə A.Şiffə qarşı Amerika xalqını aldatdığına görə ittihamlar səslənir. Etika Komitəsi konqresmenin hərəkətləri ilə bağlı araşdırma aparmaq niyyətini bəyan etmişdi.
Xatırladaq ki, 2019-cu ilin fevralında ABŞ-də erməni maraqlarının lobbiçisi Adam Şiff keçmiş prezident Trampla Rusiya arasında mümkün maliyyə əməliyyatlarının araşdırılmağa başladığını bəyan etmişdi. O, həmçinin 2020-ci ildə Senatda Donald Trampın impiçmenti üzrə məhkəmə prosesində aşağı palatanı təmsil edən yeddi ittihamçıdan biri təyin edilmişdi. Nəticədə yuxarı palata keçmiş prezidentə bəraət qazandırıb.