Bakı. Trend:
Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücum planının müəllifləri kimi təşkilatın lideri Yəhya Sinvar və hərəkatın hərbi qanadı "Əl-Qəssam" briqadasının rəhbəri Məhəmməd əl-Deyfin adları çəkilir.
Trend xəbər verir ki, əksər HƏMAS üzvləri üçün "Əl-Əqsa tufanı" əməliyyatının başlaması sürpriz olub. Onlar əməliyyat başlamazdan əvvəl gözlənilmədən səhər saat dörddə namaza getmək üçün şifahi əmr alıblar. Səhər saat altıda isə şifahi olaraq artıq döyüş əmri verilib.
Hücumda iştirak edən HƏMAS bölmələrinin hər birinə ayrıca hədəf qoyulduğu qeyd edilir.
Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.