...

AK-nin rəhbəri Rusiya aktivlərindən daxil olan gəlirləri Ukrayna üçün silahlara yönəltməyə çağırıb

Dünya xəbərləri Materials 28 Fevral 2024 16:06 (UTC +04:00)

Bakı. Trend:

Avropa Komissiyasının rəhbəri Rusiya aktivlərindən daxil olan gəlirləri Ukrayna üçün silahlara yönəltməyə çağırıb.

Trend xəbər verir ki, bunu fevralın 28-də Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirləri Ukrayna üçün hərbi texnika almaq məqsədilə istifadə etməyi nəzərdən keçirməlidir:

"Dondurulmuş Rusiya aktivlərindən əldə olunan mənfəətdən Ukraynaya birgə hərbi texnika almaq məqsədilə istifadə etmək barədə danışıqlara başlamağın vaxtı çatıb. Ukraynanı və bütün Avropanı təhlükəsiz məkana çevirmək üçün bu vəsaitin bundan böyük faydası ola bilməz”, - deyə o, əlavə edib.

Ursula fon der Leyenin sözlərinə görə, Avropa İttifaqı üçün müharibə risklərinin artmasına imkan vermək olmaz.

“Ancaq biz həm də bu risklərə hazır olmalıyıq. Bunun üçün isə üzv ölkələrin silahlı qüvvələrinin bərpasına, genişləndirilməsinə və modernləşdirilməsinə təcili ehtiyacımız var”.

Çıxışında Ursula von der Leyen Avropa Komissiyasının yaxın həftələrdə təqdim edəcəyi yeni Avropa sənaye müdafiə strategiyasını açıqlayıb və qeyd edib ki, qurumun əsas məqsədlərindən biri birgə satınalmaların prioritetinin müəyyən edilməsidir.

Avropa İttifaqı, G7 ölkələri və Avstraliya Rusiyanın 260 milyard avroya yaxın (280 milyard dollar) aktivini dondurub, onların əksəriyyəti Avropa İttifaqı məkanında dondurulub. Böyük Britaniyanın xarici işlər naziri David Kemeron G7 həmkarlarını Ukraynanın bərpası üçün Rusiyanın aktivlərini təzminat qismində ələ keçirməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti