Bakı. Trend:
Türkiyə ilə İraq arasında hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq və terrorla mübarizə ilə bağlı anlaşma memorandumu imzalanıb.
Trend türk KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada İraq baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn ilə birgə mətbuat konfransında məlumat verib.
"Türkiyə və İraq arasında hərbi, təhlükəsizlik sahəsində əməkdaşlıq və terrorla mübarizə üzrə anlaşma memorandumu iki ölkənin müdafiə nazirləri tərəfindən imzalanıb. Bu saziş tarixi əhəmiyyət kəsb edir. İnanırıq ki, əməkdaşlığımızı növbəti səviyyəyə daşıyacağıq", - Hakan Fidan qeyd edib.
Qeyd edək ki, İraq Respublikasının baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyin Türkiyədə rəsmi səfərdədir.