Bakı. Trend:
İsrail uşaqlara poliomielit xəstəliyinə qarşı peyvənd edilməsinə icazə vermək üçün Qəzza zolağında bir sıra humanitar fasilələrə razılaşıb.
Trend xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
ÜST-nin yüksək vəzifəli rəsmisi Rik Pepperkornun sözlərinə görə, məqsəd Fələstin anklavında 640 min uşağı peyvənd etməkdir.
"O, üç mərhələdə həyata keçiriləcək: Qəzzanın mərkəzi, cənub və şimal hissələrində. Hər bir mərhələdə hərbi əməliyyatlar yerli vaxtla saat 06:00-dan 15:00-dək üç gün müddətinə dayandırılacaq", - o əlavə edib.
Belə bir razılaşma Birləşmiş Millətlər Təşkilatının son 25 ildə ilk dəfə, avqustun 16-da Qəzza zolağında poliomielit xəstəliyinin qeydə alındığı barədə məlumatından sonra əldə edilib. Məlumata görə, 10 aylıq uşaq xəstəlik nəticəsində qismən iflic olub.
Peyvəndlər Fələstin Səhiyyə Nazirliyi tərəfindən ÜST, UNICEF və Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.