Bakı. Trend:
Boliviyanın keçmiş prezidenti Evo Moralesin tərəfdarları parlament zalında ölkənin vitse-prezidenti David Çokeuankaya hücum ediblər.
Trend xəbər verir ki, bu barədə Boliviya prezidenti Luis Arse "Telegram" kanalında məlumat verib. Arse hadisəni Boliviya parlamentinin tarixində "ən biabırçı səhifə" adlandıraraq, Morales tərəfdarlarının dialoqa maraq göstərmədiklərini bildirib.
"El Deber" qəzetinin məlumatına görə, Moralesin tərəfdarları Arsenin çıxış etməli olduğu iclasdan əvvəl parlamentdə qarışıqlıq yaradıblar. Onlar vitse-prezidentə və Arse hökumətini dəstəkləyən digər deputatlara pomidor və müxtəlif əşyalar atıblar. Bu insidentdən sonra Arse çıxışını parlamentin qarşısındakı meydanda davam etdirib.
Qeyd edək ki, son aylarda Arse ilə Morales arasında münaqişə daha da kəskinləşib. Morales tərəfdarları üç həftə ərzində ölkənin yollarını bağlayaraq iqtisadiyyata ciddi ziyan vurublar. Arse oktyabrın 30-da bu blokadaların ölkəyə 1,7 milyard dollardan çox ziyan vurduğunu bildirib.
Arse 2020-ci ilin oktyabrında keçirilən prezident seçkisində Morales tərəfindən dəstəklənsə də, sonradan aralarındakı siyasi fikir ayrılığı dərinləşib.