Bakı. Trend:
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Yaxın Şərq üzrə gələcək xüsusi nümayəndəsi Stiven Vitkoff Qətər və İsrailin Baş nazirləri ilə görüş keçirib.
Trend xəbər verir ki, bu barədə Reuters agentliyi mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Vitkoff 2025-ci il yanvarın 20-də keçiriləcək ABŞ prezidentinin andiçmə mərasiminə qədər Qəzza zolağında atəşkəsin əldə edilməsi və girovların azad olunması ilə bağlı razılığa nail olmağa çalışır.
Agentliyin məlumatına əsasən, xüsusi nümayəndə noyabrın sonunda Qətər və İsrailə səfər edib. Bu səfərlər, mənbənin sözlərinə görə, Dohanın İsrail ilə Fələstinin radikal HƏMAS hərəkatı arasında aparılan danışıqlarda əsas vasitəçi roluna yenidən qayıtmasından xəbər verir.
Bundan əvvəl Qətər rəhbərliyi tərəflərin münaqişəni dayandırmaq istəyinin olmaması səbəbindən Qəzza zolağında atəşkəsə nail olmaq üçün göstərdiyi vasitəçilik səylərini dayandırmaq qərarına gəldiyini açıqlamışdı.