Bakı. Trend:
Omanın paytaxtı Məsqət şəhərində “Səkkizinci Beynəlxalq Mülki Aviasiya Təşkilatı Təhlükəsizlik Həftəsi” öz işinə başlayıb. Dörd gün davam edəcək tədbir, Oman Sultanlığında Mülki Aviasiya İdarəsi və Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) arasında əməkdaşlıq çərçivəsində təşkil olunur.
Trend xəbər verir ki, tədbirdə təşkilata üzv dövlətlərdən, həmçinin beynəlxalq təşkilatlar və mülki aviasiya sektoru ilə əlaqəli qurumlardan 600-dən çox nümayəndə iştirak edir.
Tədbir çərçivəsində beynəlxalq aviasiya təhlükəsizliyinə yönəlmiş problemlər və onların həlli yolları müzakirə olunur. İştirakçılar sərnişinlərin və ekipaj üzvlərinin qorunması, yeni təhdidlərin vaxtında müəyyənləşdirilməsi və üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi mövzularında fikir mübadiləsi aparırlar.
Həftə ərzində üç mühüm panel iclası keçiriləcək. Bugünkü müzakirələrdə qlobal aviasiya təhlükəsizlik planı, yeni təhdidlərlə mübarizə və aviasiya təhlükəsizliyi auditi üçün dövlətlərin hazırlıq səviyyəsi məsələləri ətrafında danışıqlar aparılır.
Tədbirin üçüncü günündə yüksəksəviyyəli nazirlər toplantısı keçiriləcək. Bu toplantıda dövlət rəsmiləri, beynəlxalq və regional təşkilatların nümayəndələri, eləcə də aviaşirkət rəhbərləri iştirak edəcək. Tədbirin sonunda aviasiya təhlükəsizliyi üzrə qlobal prioritetləri müəyyənləşdirən “Məsqət Bəyannaməsi” qəbul olunacaq. Sənəd, xüsusilə kibertəhlükəsizlik və mülki aviasiyanın kritik infrastrukturunun qorunması məsələlərini əhatə edəcək.
Həftə çərçivəsində “Gənclərin imkanlarının artırılması: Aviasiya təhlükəsizliyində gender bərabərliyinə nail olmaq” mövzusunda xüsusi panel iclas keçiriləcək. Bu iclasda gənclərin və qadınların aviasiya təhlükəsizliyi sahəsindəki rolunun artırılması və gender bərabərliyinin əhəmiyyəti müzakirə olunacaq.
Eyni zamanda, tədbir çərçivəsində Beynəlxalq Mülki Aviasiya Günü, ICAO-nun 80 illiyi və 17-ci əlavənin qəbul edilməsinin 50 illiyi münasibətilə xüsusi sərgilər və qeyd etmələr keçiriləcək.