Bakı. Trend:
Fransanın göndərdiyi “Sezar” (“Caesar”) özüyeriyən artilleriya qurğularının ilk partiyası Estoniyaya çatıb. İlk partiya 6 səyyar haubitsadan ibarətdir.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, Estoniya ümumilikdə 12 ədəd özüyeriyən “Sezar” (“Caesar”) haubitsa sifariş edib, ikinci partiyanın yay aylarında təyinat nöqtəsinə çatdırılacağı gözlənilir.
Məlumata görə, yeni haubitsalar Estoniyanın üçüncü səyyar artileriya diviziyasına təhkim olunacaq.
"CAESAR" özüyeriyən haubitsası Fransanın Nexter Systems şirkəti tərəfindən istehsal olunan 155 mm-lik mobil artilleriya sistemidir. O, 6x6 və ya 8x8 təkərli platforma üzərində quraşdırılıb, 42 km-ə qədər atəş məsafəsinə malikdir və şassi üzərində yüksək hərəkətlilik təmin edir.