Əlcəzair: Trend:
Yaxın on il ərzində Mərkəzi Asiyada İslam maliyyələşməsi əhəmiyyətli dərəcədə artacaq.
Bu barədə Trend Avrasiya İnkişaf Bankı (AAİB), İslam İnkişaf Bankı İnstitutu (IsDBI) və London Fond Birjası Qrupu-nun birgə hesabatına əsasən xəbər verir.
Hesabat Əlcəzairdə İslam İnkişaf Bankının İllik toplantısı çərçivəsində təqdim olunub.
“Mərkəzi Asiya regionu (Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan) dinamik şəkildə inkişaf edir və onun Avrasiyada və dünyada oynadığı rol barədə yenidən düşünülməlidir. Mərkəzi Asiyanın əhalisi 82 milyon nəfərdən ibarətdir ki, bu 2000-ci ildəki göstərici ilə müqayisədə 40 faiz çoxdur. Artım orta hesabla illik 2 faiz civarında davam edir. 2024-cü ildə region ölkələrinin ümumi ÜDM 519 milyard dollar təşkil edib. Son iyirmi il ərzində o orta hesabla nominal olaraq illik 6,4 faiz artıb. Xarici-ticarət dövriyyəsi 2000-ci ildən bəri az qala 9 dəfə, xarici investisiyalar isə 17 dəfə artıb. Artıq 20 ildən çoxdur ki, region inkişaf etməkdə olan ölkələrin orta göstəricisindən daha yüksək templə böyüyür”, - hesabatda qeyd olunur.
Müəlliflər vurğulayırlar ki, qlobal maliyyə sisteminin nisbətən yeni və sürətləartan seqmenti sayılan şəriət normalarına uyğun maliyyələşmə Mərkəzi Asiya ölkələrinin dayanıqlı inkişafında getdikcə daha mühüm rol oynayır.
“Həmin regionun bütün hökumətləri islam maliyyəsinin inkişafına xüsusi diqqət yetirir. İslam maliyyələşdirməsi inklüziv iqtisadi artımın, maliyyə sabitliyinin və dayanıqlılığın təmin edilməsi üçün unikal imkanlar yaradır. Normativ-hüquqi bazanın yetkin olmaması və ixtisaslı kadr çatışmazlığı kimi çətinliklərin aradan qaldırılması əlaqələndirilmiş səylər və innovativ həllər tələb edir. Bu strateji üstünlüklərin sayəsində, region qlobal islam maliyyə bazarında əsas oyunçulardan birinə çevrilə bilər”, - hesabatda qeyd olunur.
Hesabata görə, 2024-cü ilin əvvəlində Mərkəzi Asiyada islam maliyyə aktivlərinin həcmi 699 milyon ABŞ dolları təşkil edib.
“İslam maliyyələşməsinin inkişafına dair 2024-cü il üzrə olan hesabatına əsasən, Qazaxıstan İslam maliyyələşməsinin səviyyəsinə görə dünyada 19-cu yerdə qərarlaşıb ki, bu orta qlobal göstəricidən yüksək göstəricidir və ölkə Mərkəzi Asiya regionunda liderdir. İslam maliyyələşməsinin əhəmiyyətli reallaşmamış potensialı müsəlman əhali sayının artması, əlverişli iqtisadi konyukturanın olması və etik investisiyalara artan maraqla şərtlərnir. Bununla yanaşı, sektor məhdud likvidlik, standartlaşdırmanın olmaması və risklərin idarə edilməsi mexanizmlərinin səmərələşdirilməsi kimi problemlərlə üz-üzədir. Həmçinin, xarici investisiyaların cəlb olunması və trans-sərhəd əməliyyatların asanlaşdırılması üçün region ölkələri arasında tənzimləmələrin harmonizasiyası mühüm şərtdir”,- hesabatın müəllifləri qeyd edirlər.
Hesabatda o da bildirilir ki, qarşıdakı on il ərzində regionda islam maliyyə sənayesində, ələlxüsus islam bankçılığı və sukuk buraxılışı hesabına (əsas investisiya istiqamətləri: energetika, nəqliyyat və logistika, sənaye, ərzaq təhlükəsizliyi və sosial infrastruktur) əhəmiyyətli artım gözlənilir.
“Regionda İslam maliyyə aktivlərinin artımının proqnozlaşdırılması üçün maliyyə vasitəçiliyinin inkişaf templərinə və maliyyə sektoru strukturunda islam maliyyəsinin payında baş verən dəyişikliklərin qiymətləndirilməsinə əsaslanan bazis ssenaridən istifadə olunub. Həmin ssenariyə görə, 2028-ci ilə qədər Mərkəzi Asiyada islam bank aktivlərinin həcmi 2,5 milyard ABŞ dollarına, 2033-cü ilə isə 6,3 milyard ABŞ dollarına çata bilər”,- hesabatda qeyd olunur.