Bakı. Trend:
Səudiyyə Ərəbistanı və Suriya energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar.
Trend xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Energetika Nazirliyi məlumat yayıb.
Məlumata görə, sənəd Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Səlmanın Ər-Riyadda Suriyanın energetika naziri Məhəmməd əl-Bəşir ilə görüşündən sonra imzalanıb.
Razılaşma neft və qaz, elektrik enerjisi, neft-kimya sənayesi, bərpa olunan enerji mənbələri, enerji səmərəliliyi və telekommunikasiya kimi sahələri əhatə edir. Tərəflər həmçinin, enerji layihələrinin tənzimlənməsi və həyata keçirilməsi sahəsində təcrübə mübadiləsi və investisiya imkanlarını müzakirə ediblər.
Tərəflər energetikanın müxtəlif sektorlarında, o cümlədən neft və onun tədarükü, elektrik enerjisi, bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi sahələrində əməkdaşlıq imkanlarını və onun inkişaf yollarını müzakirə ediblər.