Bakı. Trend:
Bu ilin birinci yarısında Hesablama Palatası tərəfindən həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti (KDMN) tədbirləri ilə uyğunluq predmetləri üzrə cəmi 65 milyon manatlıq maliyyə pozuntusu aşkarlanıb.
Trend bu barədə Palataya istinadən xəbər verir.
Məlumat tərtib edildiyi dövrədək başa çatdırılmış KDMN tədbirləri ilə uyğunluq predmetləri üzrə büdcəyə zərərin 17,8 milyon manat olduğu hesablanıb.
Qeyd edilib ki, nəticələri rəsmiləşdirilmiş auditlər üzrə maliyyə hesabatlılığında 105,1 milyon manatlıq təhriflərə yol verildiyi aşkarlanıb ki, bunların 12,6 milyon manatı əhəmiyyətli təhriflərdən ibarət olub.
"Nəzarət tədbirlərinin nəticələri ilə bağlı zəruri addımların atılması məqsədilə 7 halda nəzarət obyektlərinə auditor hesabatı və kollegiya qərarları göndərilib. 2025-ci ilin İş Planına əsasən başa çatdırılmış nəzarət tədbirlərinin nəticələri Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim olunub.
Bir tədbir üzrə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, üç tədbir üzrə aşkar edilmiş aidiyyəti nöqsanlarla əlaqədar səlahiyyətləri çərçivəsində tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə məlumat göndərilib.
Hesabat dövründə də əvvəlki illərdə başa çatdırılmış nəzarət tədbirlərinin nəticələri üzrə qurumlar tərəfindən atılmış addımların icrasının izlənilməsi (follow-up) diqqətdə saxlanılıb, əvvəlki illərin nəzarət tədbirləri üzrə dövlət vəsaitinin bərpa təklifi ilə bağlı qalan vəsaitdən 0,9 milyon manatın hesabat tərtib olunduğu günədək pul və əvəzləşdirmə formasında bərpası təmin edilib. Əvvəlki ildə auditlər nəticəsində aşkarlanmış əhəmiyyətli təhriflərin 300 milyon manatdan çoxu üzrə müvafiq düzəlişlər edilib", - deyə məlumatda qeyd edilib.