Bakı. Trend:
Türkiyədə iyul ayında istehlak qiymətləri illik ifadədə 33,5% artıb.
Trend xəbər verir ki, bu barədə “Turkstat” Statistika İnstitutu məlumat yayıb.
Artım tempi ardıcıl olaraq on dördüncü ayda da zəifləyib və 2021-ci ilin noyabrından bəri ən minimal həddə çatıb. İyunda inflyasiya 35,05% təşkil etmişdi.
Analitiklərin orta proqnozlarına görə, ötən ay inflyasiyanın zəifləməsi bir qədər az – 34,05%-dək olmalı idi.
Qida məhsulları və alkoqolsuz içkilər 28% bahalaşıb (iyunda – 30,2%), kommunal xidmətlər 62% (65,5%), geyim və ayaqqabı 10,7% (14,5%) artıb. Hotellərdə, kafelərdə və restoranlarda qiymətlər 34,2% (35,6%) yüksəlib. Nəqliyyat xidmətlərinin dəyəri 26,6% (27,7%), tibbi xidmətlərin isə 37,5% (38,7%) artıb.
Baza inflyasiyası (qida məhsulları və enerji daşıyıcılarının qiymətləri nəzərə alınmadan) iyulda illik ifadədə 34,7% təşkil edib ki, bu da 2021-ci ilin dekabrından bəri ən aşağı göstəricidir. Yayın ilk ayında bu göstərici 35,6% idi.
Türkiyədə istehlak qiymətləri ötən ay iyuna nisbətən 2,1% artıb. Ekspertlərin orta proqnozları isə 2,4% artım nəzərdə tuturdu.